ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında İran, Rusiya-Ukrayna müharibəsi və mümkün atəşkəslə bağlı diqqətçəkən fikirlər səsləndirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp İranla bağlı sualları cavablandırarkən yeddi aydır bölgədə olduqlarını, 18 nəfər itirdiklərini və ərazi üzərində tam nəzarətə malik olduqlarını bildirib.
O, Vyetnam müharibəsində minlərlə ABŞ əsgərinin həlak olduğunu xatırladaraq, öz administrasiyasının cəmi 18 itki ilə Hörmüz boğazında nəzarəti təmin etdiyini iddia edib. Tramp Tehran rəhbərliyi ilə aralarında aşağı intensivlikli toqquşmaların yaşandığını, İranın arabir raket atdığını və ya dron göndərdiyini, lakin bunların vurularaq zərərsizləşdirildiyini vurğulayıb.
Ağ Ev rəhbəri İrana qarşı daha irəli gedib-getməyəcəkləri ilə bağlı suala ölkənin qalan hissəsini məhv etmək istəmədiyini, lakin buna məcbur qala biləcəyini diqqətə çatdırıb. İranın illər ərzində çoxlu amerikalının ölümünə səbəb olduğunu deyən Tramp müharibəni 1979-cu ildən onların başladığını bəyan edib.
Rusiya və Ukrayna münaqişəsinə toxunan Tramp tərəflər arasında yaxın vaxtlarda “bütün Avropanı da əhatə edəcək böyük razılaşma” əldə olunacağını bildirib. O, müharibənin həllinə çox yaxın olduqlarını və hazırlanan sazişdən hamının çox məmnun qalacağını əlavə edib.