“Gəncə” basketbol klubuna FIBA Avropa Kubokunun qrup mərhələsində Bolqarıstanın “Rilski Sportist” komandası ilə keçirilməli olan matçda texniki məğlubiyyət verilib. Turnirin rəsmi təqvimində qarşılaşmanın nəticəsi Bolqarıstan təmsilçisinin xeyrinə 20:0 göstərilib.
C qrupunun üçüncü turuna aid oyun oktyabrın 21-də Bolqarıstanın Samokov şəhərində keçirilməli idi. Azərbaycan komandasının səfəri ilə bağlı yaranan problemlər səbəbindən matç baş tutmayıb.
FIBA oktyabrın 19-da qarşılaşmanın keçirilməyəcəyini və məsələnin FIBA Avropanın vahid hakiminin baxışına göndərildiyini açıqlamışdı. Qurum səfərlə bağlı çətinliklərin konkret səbəbini açıqlamayıb.
Texniki nəticədən sonra “Gəncə” C qrupunda altıncı, yəni sonuncu pillədə qərarlaşıb. Komandanın hesabında bir qələbə və üç məğlubiyyət var. Azərbaycan təmsilçisi turnirdə yeganə qələbəsini oktyabrın 28-də qazanaraq Portuqaliyanın “Sportinq” klubunu 69:67 hesabı ilə məğlub edib.
“Gəncə” növbəti oyununu noyabrın 4-də Rumıniyada “Universitatya Krayova”ya qarşı keçirəcək. Hər qrupun ilk iki pilləsini tutan komandalar turnirin ikinci mərhələsinə yüksəlirlər.