“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra komandanın son nəticələri barədə danışıb.
Hücumçu bildirib ki, xal itkiləri çempionluq yolunda vəziyyəti çətinləşdirib, amma komandanın hədəfi dəyişməyib. Qurbanlının sözlərinə görə, çempionluq uğrunda mübarizə aparan komandaların sayı artıb və rəqiblər güclənib. “Əvvəldən bilirdik ki, asan olmayacaq. Sona qədər mübarizə aparacağıq”, – deyə o vurğulayıb.
Qurbanlı “Turan Tovuz”un son dövrlərdə uğurlu çıxış etdiyini də qeyd edib. O bildirib ki, rəqibin gücünü nəzərə alaraq çətin oyuna hazırlaşsalar da, meydanı qələbə ilə tərk etmək istəyiblər.
Hücum xəttindəki problemlərdən danışan futbolçu qol imkanlarından yararlana bilməmələrinin səbəblərini araşdıracaqlarını söyləyib. “Görünür, müəyyən çatışmazlıqlarımız var. Məşqçilər heyəti bunun üzərində işləyəcək. Son oyunlardakı xal itkilərinə konkret səbəb göstərmək çətindir. Hamımız səhvlərimizdən nəticə çıxarmalıyıq”, – deyə Qurbanlı əlavə edib.