Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın daha iki idmançısı yarışacaq. Noyabrın 7-də start götürəcək çimərlik güləşi yarışlarında Günel Kərimli 55 kq, Nihad Süleymanlı isə 80 kq çəki dərəcəsində çıxış edəcək.
Yarışlar Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. Finala yüksələcəkləri halda, Kərimli saat 20:55-də, Süleymanlı isə 21:15-də qızıl medal uğrunda mübarizə aparacaq. Azərbaycan çimərlik güləşində ümumilikdə dörd idmançı ilə təmsil olunur; digər iki güləşçi noyabrın 8-də yarışacaq.
Medal sıralaması
Yeddinci yarış gününü medalsız başa vuran Azərbaycan ümumi sıralamada 25-ci pillədə qərarlaşıb. Medal cədvəlinə doqquz qızıl, üç gümüş və iki bürünc medalla Çin başçılıq edir. Yaponiya səkkiz qızıl, iki gümüş və dörd bürünc medalla ikinci, Rusiya dörd qızıl və iki gümüş medalla üçüncüdür. İlk beşliyi Misir və Xorvatiya tamamlayır.
Azərbaycanın hesabında hələlik bir qızıl medal var. Cüdo yarışlarında 55 kq çəki dərəcəsində çempion olan İbrahim Talıbov ölkənin yeganə mükafatını qazanıb.
Noyabrın 13-dək davam edəcək Oyunlarda 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın idmançı yarışır. Azərbaycan səkkiz idman növündə 13 idmançı ilə təmsil olunur.