Netflix Tayson Fyuri haqqında yeni sənədli filmin treylerini təqdim edib. “Tayson Fyuri” adlı ekran əsərinin premyerası noyabrın 27-də, boksçunun Entoni Coşua ilə döyüşündən iki həftə əvvəl keçiriləcək.
Film Fyurinin uşaqlıq illərindən idman karyerasının zirvəsinə qədər keçdiyi yolu və onun şəxsiyyətini formalaşdıran hadisələri əhatə edir. Ekran əsərində boksçunun sürətli yüksəlişi, sonrakı enişi və özünü toparlamağa çalışması təsvir olunur. Filmdə əvvəllər yayımlanmamış arxiv görüntüləri, eləcə də Fyuri, həyat yoldaşı və atası ilə səmimi müsahibələr yer alır.
Sənədli filmdə övlad itkisi, ailədaxili mürəkkəb münasibətlər, psixi sağlamlıq problemləri və asılılıq mövzularına toxunulur. Ekran əsəri kişiliyin nə demək olduğu sualını da araşdırır.
Netflix-də daha əvvəl “Fyurilərin evində” realiti-şousunun iki mövsümü yayımlanıb. 2023-cü ildə isə “Tayson Fyuri: Kəffarə” sənədli filmi təqdim edilib.
Fyuri ilə Coşua arasında döyüş dekabrın 11-də Uelsin Kardiff şəhərində keçiriləcək. Fyuri WBC, WBA Super, IBF, WBO və IBO versiyaları üzrə keçmiş dünya çempionudur. Coşua isə IBF, WBA, WBO və IBO titullarının sabiq sahibidir.