Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Qazaxıstanın Almatı şəhərində keçirilən “KazChess Masters” beynəlxalq turnirində dörd turdan sonra 1 xal toplayıb. “ChessBase” nəşrinin məlumatına görə, 2662 reytinq xalı ilə yarışın əsas favoriti olan qrossmeyster ilk iki turda məğlub olub.
Muradlı ilk turda Belarus təmsilçisi Denis Lazavikə uduzub. Siciliya müdafiəsi ilə başlayan görüşdə Azərbaycan şahmatçısı 28-ci gedişdə riskli qərar verib. Lazavik sonrakı gedişlərdə üstünlüyü ələ keçirərək rəqibini 32-ci gedişdə təslim olmağa məcbur edib.
İkinci turda Muradlı Özbəkistan təmsilçisi Şəmsəddin Vahidova məğlub olub, üçüncü turda isə Qazaxıstanın 16 yaşlı qrossmeysteri Edqar Məmmədovla heç-heçə edib. İlk üç turdan sonra onun hesabında yarım xal olub. Dördüncü turda qazandığı daha yarım xalla Muradlı ümumi xalını 1-ə çatdırıb və turnir cədvəlinin səkkizinci pilləsində qalıb.
Dörd turdan sonra Denis Lazavik, Edqar Məmmədov və Denis Maxnev hərəyə 3 xalla liderlik edirlər. On şahmatçının dairəvi sistem üzrə mübarizə apardığı turnirdə Muradlı liderlərdən 2 xal geri qalır. “KazChess Masters” oktyabrın 26-da başlayıb və noyabrın 3-də başa çatacaq.