Serbiyanın Vrnyaçka Banya şəhərində veteran şahmatçılar arasında dünya çempionatı başa çatıb. Noyabrın 3-də başlayan yarış 11 turdan ibarət olub.
Qaliblər müəyyənləşib
FIDE-nin rəsmi yarış protokollarına əsasən, 50 yaşdan yuxarı kişilərin yarışında qazaxıstanlı qrossmeyster Murtas Kajqaleyev 11 turda 8,5 xal toplayaraq çempion olub. Bolqarıstanlı Kiril Georgiyev və qazaxıstanlı Pyotr Kostenko səkkiz xalla ikinci və üçüncü yerləri tutublar.
65 yaşdan yuxarı kişilərdə Gürcüstan təmsilçisi Zurab Sturua 8,5 xalla birinci olub. İngiltərə şahmatçısı Kit Arkell də eyni xal toplasa da, əlavə göstəricilərdə geri qalıb. Qadınların 50+ kateqoriyasında isveçli Pia Kramlinq doqquz xalla qalib gəlib. 65+ yaş qrupunda FIDE bayrağı altında çıxış edən Qalina Strutinskaya 10 xal toplayıb.
Azərbaycan şahmatçılarının nəticələri
50+ yaş kateqoriyasında Emin Novruzov son turda ingiltərəli Filip Krokerlə heç-heçə edib. O, 11 partiyada altı xal toplayaraq 41-ci yeri tutub.
65+ kateqoriyasında İlqar Xələfov son turda uelsli Qari Tomasa qalib gəlib və yarışı beş xalla 122-ci pillədə başa vurub. Eyni yaş qrupunda çıxış edən İmran Hacıqayıbov isə son turda Kayman adalarını təmsil edən Klifford Şou ilə heç-heçə edib. O, xallarının sayını üçə çatdırıb.