“Güclü Ermənistan” lideri Samvel Karapetyan bildirib ki, 102-ci Rusiya hərbi bazası Ermənistandan çıxarılsa, ölkə Türkiyə təhdidi ilə üz-üzə qala bilər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Karapetyan jurnalistlərə açıqlamasında Rusiya hərbi bazasının Ermənistanda qalmasının vacibliyini vurğulayıb.
“Biz taleyin ümidinə buraxılacağıq. Buradakı Rusiya bazasının yerində Türkiyə bazası olacaq. Buna görə də Rusiya bazası qalmalıdır”, – deyə Karapetyan bildirib.
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşündən sonra Gümrüdəki Rusiya hərbi bazasının fəaliyyəti məsələsi Moskva ilə İrəvan arasında keçiriləcək danışıqların gündəliyinə daxil edilib.
102-ci Rusiya hərbi bazası 1995-ci ildə Moskva və İrəvan arasında imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib.
Tərəflər 20 avqust 2010-cu ildə bazanın yerləşdirilməsi ilə bağlı müqavilənin müddətini 2044-cü ilədək uzadıblar.
Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda dislokasiya olunmuş “Erebuni” aviabazasıdır.
Aviabazanın şəxsi heyəti MDB dövlətlərinin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində hava hücumundan müdafiə üzrə döyüş növbəsi aparır.