Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rui Jorje Qəbələdəki təlim-məşq toplanışını dəyərləndirib. O, futbolçuların məşqlərdə həvəslə iştirak etdiyini və komandanın oyun üslubuna dair tələbləri daha yaxşı anladığını bildirib.
Mütəxəssisin sözlərinə görə, futbolçuların hazırlıq prosesinə reaksiyası onu razı salır. Bununla belə, komandanın inkişaf yolunun başlanğıcında olduğunu vurğulayan Jorje dünya çempionatında iştirak edə biləcək səviyyəyə çatmaq üçün daha çox çalışmalı olduqlarını qeyd edib. O, futbolçuların keyfiyyətli və istəkli oyun nümayiş etdirməyə çalışdığını deyib.
Baş məşqçi oktyabrın 3-də Moldova U-20 yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşünü ciddi sınaq kimi qiymətləndirib. Jorje rəqibin intensiv oynadığını, fiziki cəhətdən güclü futbolçulara sahib olduğunu və yüksək pressinq tətbiq etdiyini bildirib. Azərbaycan millisi belə rəqibə qarşı oynamağın çətin olacağını bilsə də, qarşılaşmaya hazırlaşır.
Azərbaycan – Moldova U-20 yoldaşlıq matçı oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 18:00-da başlayacaq və “CBC Sport”un YouTube kanalında canlı yayımlanacaq.