Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə –"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər haqda qanunu imzalayıb.
Sənədə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çinarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılır. Adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.
Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilir.