“Araz-Naxçıvan”ın prezidenti Ceyhun Sultanov komandanın Misli Premyer Liqasındakı çıxışından məmnun olmadığını deyib. O, 8 turdan sonra 2 xalla sonuncu, 12-ci pillədə qərarlaşan Naxçıvan təmsilçisinin nəticələrini dəyərləndirib.
“8 turun nəticələrinə baxanda razı qalmaq mümkün deyil. Sonuncu yerdə gedirsənsə, əlbəttə ki, narazı olacaqsan. Amma bu vəziyyətdən çıxacağımıza inanıram. Ümumilikdə nəyisə dəyişmək, nələrsə etmək istəyirsənsə, bunu ancaq futbolçuların əli ilə etməlisən. Futbolçular komandanı bu vəziyyətdən çıxara bilər”, – Sultanov bildirib.
Klub prezidenti əlavə edib ki, əvvəllər də çalışdığı yerlərdə bu fikri səsləndirib: “Sən ən yaxşısını edirsənsə, meydandakı 11 nəfər isə bunu edə bilməyəcəksə, heç bir əhəmiyyəti olmayacaq”.
Sultanov komandanın vəziyyətdən çıxacağına inandığını, bunun qarşıdakı oyunlarda görünməsini istədiyini söyləyib. Onun sözlərinə görə, buna futbolçular və baş məşqçi nail ola bilər, komandada inam var, qarşıda nə olacağını isə zaman göstərəcək.
IX turda “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma oktyabrın 23-də saat 15:00-da başlayacaq.