“Araz-Naxçıvan”ın futbolçusu Çarles Boli Misli Premyer Liqasının səkkizinci turunda “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları oyunu dəyərləndirib. Naxçıvan klubunun yarımmüdafiəçisi komandanın hələ ən yaxşı oyununu göstərə bilmədiyini, buna baxmayaraq təslim olmadıqlarını söyləyib.
“Çox çalışırıq, dayanmadan işləyirik, amma hələ ki, ən yaxşı oyunumuzu göstərə bilməmişik. “Sumqayıt”la matçda ilk hissədən sonra öndə idik. Ancaq sonra konsentrasiyanı itirdik və iki qol buraxdıq. Təslim olmuruq. Ümid edirəm ki, növbəti oyunda qalib gələ bilərik”, – deyə Boli bildirib.
O, hazırda sonuncu yerdə qərarlaşmalarının pis olduğunu qeyd edib. Boli vəziyyəti dəyişmək üçün hər gün daha yaxşı və daha çox çalışmalı olduqlarını vurğulayıb: “Araz-Naxçıvan” bu vəziyyətdə ola bilməz.
Futbolçu yeni məşqçinin komanda ilə çox çalışdığını da deyib. Onun sözlərinə görə, vəziyyət daha çox işləməklə dəyişə bilər və qarşıdakı turda “Qəbələ”ni məğlub etməyə çalışacaqlar.