Kolumbiyadan Yunanıstana göndərilən qızılgül buketlərinin içərisində kokain aşkarlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, narkotik şəbəkəsinin Yunanıstana birbaşa daşınma həyata keçirərək riskə getməmək üçün gülləri əvvəlcə Kanadaya göndərdiyi müəyyənləşdirilib.
Şübhəlilərin burada yeni göndəriş sənədləri hazırlayaraq yükün alıcısı kimi Attika bölgəsinin Artemida şəhərində hadisədən qısa müddət əvvəl icarəyə götürülmüş saxta çiçək mağazasını göstərdikləri bildirilib.
Ümumilikdə 80 qutu qızılgülün daşındığı, hər biri 40 güldən ibarət buketlərin 11-də kokain gizlədildiyi aşkarlanıb.
Bildirilib ki, güllərin real görünməsi üçün üst hissələri təbii, sapları isə plastikdən hazırlanıb və narkotik maddə həmin sapların içərisində gizlədilib.
Bu üsulun narkotikin gömrük yoxlamalarından daha asan keçirilməsinə imkan verdiyi qeyd olunub.
ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin Afina ofisindən əldə edilən məlumat əsasında əməliyyat keçirilib.
Əməliyyat bölməsinin, xüsusi təyinatlıların və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə Artemidadakı saxta çiçək mağazasında və Marafonda icarəyə götürülmüş villada eyni vaxtda basqınlar təşkil olunub.
Əməliyyat zamanı 9 şübhəlidən 7-si saxlanılıb.
Şübhəlilərin villada narkotikin saxlanılması və emalı ilə məşğul olduqları müəyyən edilib.
Saxlanılan şəbəkə rəhbərlərindən birinin Albaniya hüquq-mühafizə orqanları tərəfindən qətl ittihamı ilə axtarışda olduğu üzə çıxıb.
Digər iki şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Əməliyyata “Şər çiçəkləri” adı verilib.