Norveçin “Stavanger Aftenblad” qəzeti UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Vikinq”lə üz-üzə gələcək “Sabah” barədə məqalə dərc edib. Yazının başlığı “Heç kimin tanımadığı Çempionlar Liqası komandası indi “Vikinq”lə qarşılaşacaq” olub.
Nəşr Bakı klubunun cəmi doqquz illik tarixə malik olmasına və heyətində 16 ölkədən futbolçuların yer almasına diqqət çəkib. “Stavanger Aftenblad” qarşıdakı oyunla bağlı məlumatların yayımlanması üçün ayrıca səhifə də yaradıb.
“Vikinq” Çempionlar Liqasının ilk üç turunda bir xal toplayıb. Norveç klubu “Aston Villa” və “Ştutqart”a 1:3 hesabı ilə uduzub, “Bavariya” ilə isə 3:3 hesablı heç-heçə edib.
“Sabah” Norveçə optimal heyətlə yollanıb. Klubun mətbuat xidmətinin məlumatına görə, əvvəlki oyunu buraxan Stiv Solvet də komanda ilə birlikdədir. Onun meydana çıxıb-çıxmayacağına məşqçilər qərar verəcəklər.
Stavangerdə Bakı təmsilçisini təxminən 200 azarkeşin dəstəkləyəcəyi gözlənilir. “Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.