Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC-də peşəkar karyerasının ilk məğlubiyyətindən sonra sosial şəbəkə hesabında paylaşım edib. O, “Instagram” səhifəsində “Hər şeyə görə Uca Allaha şükür” sözlərini yazıb.
31 yaşlı idmançı Las-Veqasda keçirilən UFC turnirində amerikalı Jan-Pol Lebosnoyani ilə qarşılaşıb. Yarımorta çəki dərəcəsində baş tutan döyüş üçüncü raundda dayandırılıb.
Həsənovun aldığı dərin kəsikdən sonra həkimlər onun mübarizəni davam etdirməsinə icazə verməyiblər. Referi üçüncü raundun 2-ci dəqiqə 11-ci saniyəsində döyüşü dayandırıb və qələbə texniki nokautla amerikalı idmançıya verilib.
Bu nəticə ilə Həsənovun peşəkar karyerasındakı altı döyüşlük qələbə seriyası başa çatıb. Onun hesabında altı qələbə və bir məğlubiyyət var.