Azərbaycanın MMA döyüşçüsü Fərman Həsənov ABŞ-nin Las-Veqas şəhərində keçirilən “UFC Fight Night 292” turnirində peşəkar karyerasının ilk məğlubiyyətini alıb.
77 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı ABŞ təmsilçisi Jan-Pol Lebosnoyana texniki nokautla uduzub. Referi həkimin tövsiyəsindən sonra üçüncü raundun 2-ci dəqiqə 11-ci saniyəsində döyüşü dayandırıb. Həsənovun sol gözü ətrafında ciddi kəsik yaranıb.
Azərbaycanlı döyüşçü ilk raundda fəal çıxış edib və rəqibini yerə yıxıb. Sonradan təşəbbüsü ələ alan Lebosnoyan əl və ayaq zərbələri ilə üstünlük qazanıb. Həsənov ikinci raundda üzündən zədə alsa da, qarşılaşma davam edib. Üçüncü raundda isə həkim onun döyüşü davam etdirməsinə icazə verməyib.
Bu, Həsənovun UFC-də ikinci döyüşü olub. O, iyunun 27-də Bakıda keçirilən turnirdə ABŞ-li Erik Nolanı hakimlərin yekdil qərarı ilə məğlub edərək təşkilatda debüt edib. Bu məğlubiyyətlə azərbaycanlı idmançının altı görüşlük qələbə seriyası başa çatıb. Onun peşəkar karyerasında altı qələbə və bir məğlubiyyət var.