Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Lixtenşteyn kapitanı Nikolas Haslerin xidmətindən məhrum olub. Lixtenşteyn Futbol Federasiyasının açıqlamasına görə, 35 yaşlı futbolçu zədə səbəbindən toplanışa qatıla bilməyəcək.
“Vaduz”un üzvü klubunun “Sion”la oyununda zədələnib. Baş məşqçi Konrad Fyunfştyuk Haslerin yoxluğunu ciddi itki adlandırıb: “Kapitan Nikolas Haslerin yoxluğu bizə ağır zərbədir. O, milli komandanın aparıcı futbolçusudur”.
Haslerin əvəzinə heyətə 27 yaşlı Manuel Mikus dəvət olunub. Onun noyabrın 10-da Ruqqeldə keçiriləcək ilk məşqə qoşulması gözlənilir.
Fyunfştyuk noyabrın 5-də heyəti açıqlayarkən bir neçə futbolçunun xidmətindən istifadə edə bilməyəcəyini bildirmişdi. O, kiçik ölkə üçün hər itkinin daha ciddi çətinlik yaratdığını, yaranmış vəziyyətin isə digər oyunçulara məsuliyyət götürmək imkanı verdiyini söyləmişdi.
23 nəfərlik ilkin heyətdə “Vaduz”un ikinci komandasının 19 yaşlı müdafiəçisi Yonas Abidi ilk dəfə yer alıb. Çarpaz bağ zədəsindən sonra qapıçı Tim-Tiado Öri də yenidən milliyə dəvət olunub.
Lixtenşteyn noyabrın 13-də Vaduzdakı “Reynpark” stadionunda Azərbaycanı qəbul edəcək, noyabrın 16-da isə səfərdə Litva ilə qarşılaşacaq.