Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk UEFA Millətlər Liqasında Azərbaycanla keçirilən oyundan sonra mətbuat konfransında komandasının çıxışını dəyərləndirib. O, ölkəmizə ilk dəfə gəldiyini və komanda üçün yaradılan şəraitdən məmnun qaldığını deyərək AFFA-ya təşəkkür edib.
Fyunfştyuk bildirib ki, 40 min əhalisi olan ölkənin yığması matçın favoriti ola bilməzdi. Onun sözlərinə görə, Azərbaycan millisinin dəyəri 20 milyondur. Baş məşqçi komandasının ölkəsinə sevincli qayıtdığını, eyni zamanda inkişaf etməli olduğunu vurğulayıb.
Lixtenşteynli mütəxəssis son üç oyundan razı qaldığını qeyd edib. O, müdafiədə yaxşı çıxış etdiklərini və qarşılaşmada qol imkanları qazandıqlarını bildirib.
“Qazandığımız hər xala sevinirik. Özümüzü inkişaf etdirməli və daha yaxşı oynamalıyıq. Qarşıdakı matçlara köklənəcəyik və əlimizdən gələni edəcəyik”, – deyə Fyunfştyuk vurğulayıb.