Azərbaycanda bəzi müəllimlərin dərs yükünü artırmaq üçün eyni vaxtda iki fərqli məktəbdə çalışması mümkündür. Kənd məktəblərində müəllim çatışmazlığının aradan qaldırılması məqsədilə bu imkanın üç məktəbə qədər genişləndirilməsi də müzakirə olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" İTV-yə istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov bildirib ki, kənd məktəblərində müəllimlərə bəzi hallarda üç məktəbdə işləmək imkanı verilə bilər.
Məsələ ilə bağlı müəllim və ekspertlər isə bu yanaşmanın müəyyən hallarda çıxış yolu ola biləcəyini, lakin müəllimin iş yükü və məktəblər arasındakı məsafənin mütləq nəzərə alınmalı olduğunu bildirirlər.
“Müəllim həm fiziki, həm də zehni yorula bilər”
Cəlilabad şəhər 9 saylı məktəbin müəllimi Nərminə Cəfərovanın fikrincə, bir müəllimin bir neçə məktəbdə çalışması müəllim çatışmazlığı olan təhsil müəssisələri üçün müəyyən qədər çıxış yolu ola bilər.
Onun sözlərinə görə, bunun üçün ilk növbədə məktəblər arasındakı məsafə və müəllimin dərs cədvəli nəzərə alınmalıdır.
“Müəllimin işə vaxtında çata bilməsi və dərsləri vaxtında təmin etməsi baxımından mümkün olarsa, niyə də olmasın? Amma müəllimin özü üçün həm fiziki, həm də işə çatmaq baxımından çətinliklər yarana bilər. Həm beyin olaraq yorulursan, həm fiziki olaraq yorulursan. Bu halda müəllimin bütün enerjisini təhsilə verməsi mümkün olmaya bilər”, – deyə müəllim bildirib.
Ekspert: “Bu, müəllimin iş yükünün artırılması hesabına olmamalıdır”
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, bir müəllimin bir neçə məktəbdə çalışması pedaqoq çatışmazlığını qismən aradan qaldıra bilər.
Lakin ekspertin fikrincə, əsas məsələ vakant dərs saatlarının düzgün formalaşdırılmasıdır.
O bildirib ki, müəllimlərin işə qəbulu zamanı bəzi vakant yerlərin dərs yükünün az göstərilməsi həmin yerlərə marağın aşağı düşməsinə və nəticədə müəllim çatışmazlığının yaranmasına səbəb olur.
Ekspertin sözlərinə görə, vakant yerlərdə dərs yükü minimum 18 saat və daha çox olmalıdır. Müəllimlərin öz istəyi ilə daha az, məsələn, 5-6 saatlıq dərs seçməsi bəzi vakant yerlərin aşağı saatla formalaşmasına gətirib çıxarır.
Elçin Əfəndi hesab edir ki, problemin həlli bir müəllimin üç məktəbdə işləməsi üzərində qurulmamalıdır.
“Çünki burada biz müəllimin performansının aşağı düşməsini, eyni zamanda təhsil keyfiyyətinin də aşağı düşməsini müşahidə edə bilərik”, – deyə ekspert bildirib.
“Bu, yalnız qısamüddətli həll ola bilər”
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli də müəllimlərin bir neçə məktəbdə çalışmasını problemin uzunmüddətli həlli hesab etmir.
Onun fikrincə, kənd məktəblərində müəllim çatışmazlığının əsas səbəblərindən biri daxili miqrasiyadır. İnsanların iş və digər səbəblərlə kəndlərdən şəhərlərə köçməsi kənd məktəblərində pedaqoq çatışmazlığı yaradır.
Deputat hesab edir ki, kəndlərə qayıdış prosesinin təşviqi və burada müvafiq iş imkanlarının yaradılması problemin köklü həllinə kömək edə bilər.
“İndiki halda bir müəllimin bir neçə yerdə çalışması yalnız qısamüddətli həll variantı kimi nəzərdən keçirilə bilər”, – deyə Elçin Mirzəbəyli bildirib.
Vahid ştatlı müəllim modeli təklif olunur
Mütəxəssislər alternativ variant kimi vahid ştatlı müəllim modelinin tətbiqini də təklif edirlər.
Bu modeldə müəllim 8 saatlıq iş rejimi ilə çalışır və buna uyğun əməkhaqqı alır. Ekspertlərin fikrincə, belə yanaşma müəllimlərin kənd məktəblərində vakant yerlərə marağını artıra və kadr çatışmazlığının daha dayanıqlı həllinə kömək edə bilər.
Beləliklə, müəllimlərin üç məktəbdə çalışması ideyası kənd məktəblərində yaranan kadr probleminə qısamüddətli cavab kimi nəzərdən keçirilə bilər. Lakin mütəxəssislər hesab edirlər ki, uzunmüddətli perspektivdə əsas məqsəd müəllimlərin iş yükünü artırmaq deyil, kənd məktəblərində işləməyi daha cəlbedici etmək olmalıdır.