Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov pley-offda 13-16-cı yerlər uğrunda mübarizədə ABŞ təmsilçisi Levon Aronyanla gün ərzində keçirilən yeddi partiyanın yekununda 11:9 hesabı ilə qalib gəlib.
Məmmədyarov blitsdə ilk partiyanı qazansa da, növbəti üç görüşdə məğlub olub və bu hissəni 1:3 hesabı ilə tamamlayıb. Rapid partiyalarında isə Azərbaycan qrossmeysteri bir dəfə heç-heçə edib, bir qələbə qazanıb. Bu növdə qələbəyə dörd, heç-heçəyə iki xal verildiyindən, Məmmədyarov ümumi hesabda 7:5 önə çıxıb.
Günün sonuncu, sürətli klassika partiyası heç-heçə başa çatıb. Hər iki şahmatçının hesabına dörd xal əlavə olunub və ilk oyun günü Məmmədyarovun 11:9 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qarşılaşma noyabrın 18-də davam edəcək. İkinci gündə də dörd blits, iki rapid və bir sürətli klassika partiyası keçiriləcək. Gündəlik xallar ayrıca hesablanır.
Məmmədyarov ikinci günü qələbə və ya heç-heçə ilə başa vursa, 13-14-cü yerlər uğrunda görüşə vəsiqə qazanacaq. Aronyan qalib gələrsə, qarşılaşmanın taleyi armageddon partiyasında həll ediləcək.