Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot” turnirində növbəti görüşlərini keçirib.
Azərbaycanlı qrossmeyster noyabrın 12-də rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Rəqiblərin ağ və qara fiqurlarla oynadıqları partiyaların hər ikisi heç-heçə ilə yekunlaşıb.
Turnirin qaydalarına əsasən, qələbəyə üç, heç-heçəyə bir xal verilir. Məmmədyarov gün ərzində hesabına iki xal əlavə edərək beş xalla C qrupunda dördüncü pillədə qərarlaşıb.
Altı xalı olan Yan Nepomnyaşi qrupun lideridir. Eyni xala malik Hayk Martirosyan ikinci, beş xalı olan Aniş Giri üçüncüdür. Maqnus Karlsen dörd xalla beşinci, Abhimanyu Mişra isə üç xalla altıncı yerdədir.
Kontekst
Məmmədyarov noyabrın 11-də Hayk Martirosyanla keçirdiyi iki partiyadan birində qalib gəlib, digərində məğlub olub.