Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rui Jorje İraqla 0:0 hesabı ilə başa çatan yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb. Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirilən görüşdən sonra mətbuat konfransında danışan portuqaliyalı mütəxəssis təlim-məşq toplanışının gedişindən məmnun olduğunu deyib.
“Futbolçularımız tələblərimizə müsbət cavab verirlər. Bütün komandadan razıyam. Əsas məqsədimiz gündən-günə daha da inkişaf etməkdir. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır”, – Rui Jorje bildirib.
Baş məşqçinin sözlərinə görə, Azərbaycan millisi ilk hissədə rəqib qapısı qarşısında üç təhlükəli vəziyyət yaradıb və həmin epizodlarda daha dəqiq oynaya bilərdi. O, komandanın oyunboyu müdafiədə inamlı çıxış etdiyini, hücum fazasında isə inkişaf etməyə çalışdığını qeyd edib.
Azərbaycan və İraqın U-20 milliləri arasında ikinci yoldaşlıq görüşü noyabrın 20-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.