“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik mümkün istefası ilə bağlı söz-söhbətlər fonunda klubdakı mövqeyindən danışıb. Mütəxəssis rolunu və öhdəliklərini bildiyini, işlərin nə vaxt yaxşı getdiyini və nəyi düzəltmək lazım olduğunu özü də anladığını söyləyib.
“Hər şey tamamilə aydındır. Mənə bunu başqasının deməsinə və ya işlərin nə vaxt yaxşı getdiyini, nə vaxt nəyisə düzəltmək lazım olduğunu göstərməsinə ehtiyac yoxdur. Real vəziyyəti anlayıram və bu məni heç narahat etmir. Bu barədə əlavə edəcəyim çox şey yoxdur”, – Kerrik bildirib.
Baş məşqçi komandanın işlərinin qaydasına düşməsi üçün oyunlarda qələbə qazanmalı olduqlarını vurğulayıb. Klub rəhbərliyinin ona tam dəstək verib-vermədiyi barədə suala isə müsbət cavab verib: “Bu klubda hamı ilə münasibətlərim çox yaxşıdır. Heç bir problem və narazılıq yoxdur. Oyunları udmalıyıq və məhz bunun üçün çalışırıq”. Kerrikin sözlərini “The Sun” yayıb.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında yeddi oyundan sonra 7 xalla 13-cü yerdədir.