“Mançester Yunayted”in keçmiş müdafiəçisi Yap Stam komandanın baş məşqçisi Maykl Kerrikin istefaya göndərilməməli olduğunu düşünür. İngiltərə Premyer Liqasının altı turundan sonra “qırmızı şeytanlar” turnir cədvəlində 13-cü yeri tutur.
Stamın sözlərinə görə, Aleks Ferqyuson komandaya rəhbərlik etdiyi dövrdə məşqçilərin komanda qurmaq və uğur qazanmaq üçün daha çox vaxtı olurdu. O, müasir futbolda uzunmüddətli nəticə əldə etmək üçün lazım olan vaxtı tapmağın çətinləşdiyini bildirib.
Keçmiş müdafiəçi xatırladıb ki, “Mançester Yunayted”də Joze Mourinyo, Devid Moyes, Lui van Qal və Erik ten Haq kimi yüksək səviyyədə təcrübəsi olan məşqçilər çalışıb, lakin uğur qazana bilməyiblər. Buna görə də daha təcrübəli məşqçinin təyin olunmasının uğura zəmanət vermədiyini vurğulayıb.
Stam Kerrikin hazırkı vəzifə üçün uyğun şəxs olduğunu deyib. Onun fikrincə, Kerrik futbolçuları və klubun mədəniyyətini tanıyır, rəhbərliklə münasibətləri yaxşıdır və klub ona etimad göstərərək işləmək üçün vaxt verir.
Stam əlavə edib ki, Kerrikin planı olmalı, transfer dövrlərində hansı futbolçuların cəlb ediləcəyi və komandanın necə qurulacağı müzakirə edilməlidir. O, Kerrikin ötən mövsüm qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəyini göstərdiyini, bu mövsüm irəliləyərək daha yaxşı nəticələr verəcəyinə inandığını bildirib. Stamın sözlərini Flashscore yayıb.