“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzotero İtaliya B Seriyasının 13-cü turunda “Padova” ilə səfər görüşündə dubl edib. Azərbaycan əsilli futbolçunun qolları komandasına qələbə qazandırıb.
18 yaşlı hücumçu 19-cu dəqiqədə isveçrəli müdafiəçi Kevin Mbabunun ötürməsindən sonra başla dəqiq zərbə endirərək hesabı açıb. Daha sonra Mezzotero Lorenso İnsinyenin ötürməsini qola çevirib.
İtaliya mətbuatı Mezzoteronun cərimə meydançasında mövqe seçimini və hücumçu keyfiyyətlərini vurğulayıb. O, son üç qarşılaşmada dörd qol vurub. Futbolçu bundan əvvəl “Entella” və “Benevento” ilə matçlarda da fərqlənib.
“Sampdoriya” bir neçə gün əvvəl gənc futbolçu ilə müqavilənin müddətini 2030-cu ilədək uzadıb. Atası italiyalı, anası azərbaycanlı olan Mezzotero Montsa şəhərində anadan olub və Azərbaycan, eləcə də İtaliya vətəndaşlığına malikdir. O, Azərbaycanın U-21 millisinin üzvüdür.
Kontekst
Noyabrın 22-də Mezzotero İtaliya B Seriyasının 12-ci turunda “Benevento” ilə qarşılaşmada qol vurub. “Sampdoriya” həmin matçda 3:1 hesabı ilə qalib gəlib.