Konqoda Ebola virusuna yoluxma hallarının təsdiqlənmiş sayı 12 mini ötüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Məlumata əsasən, ölkədə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 12 021-ə, ölüm hallarının sayı isə 5 904-ə çatıb.
Qeyd edək ki, epidemiyaya Ebola virusunun nadir ştamı olan "Bundibugyo" səbəb olub. Xəstəliyin yayılması ilə bağlı epidemiya may ayının ortalarında Konqonun şimal-şərqində yerləşən İturi əyalətində elan edilib. Bundan sonra virus ölkənin 26 əyalətindən səkkizinə yayılıb. Bu virus ştamına qarşı təsdiqlənmiş müalicə üsulu və ya vaksin mövcud deyil. Yoluxma hallarının gec aşkarlanması, silahlı münaqişələr və səhiyyə sisteminin həddindən artıq yüklənməsi infeksiyanın sürətlə yayılmasına səbəb olan əsas amillər sırasındadır.
Hazırkı epidemiya müşahidə tarixində miqyasına və ölüm sayına görə ikinci ən böyük Ebola epidemiyası hesab olunur. Ondan əvvəlki ən ağır epidemiya 2014-2016-cı illərdə Qərbi Afrikada baş verib. Həmin vaxt 28 600-dən çox insan virusa yoluxub, 11 mindən çox insan həyatını itirib. Epidemiyanın qarşısı hələ də tam alınmayıb.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (Africa CDC) bu ayın əvvəlində açıqladığı məlumatlara görə, yeni yoluxma hallarının yalnız 15 faizi əvvəllər səhiyyə orqanlarına məlum olan, infeksiyaya yoluxmuş şəxslərlə təmasda olmuş insanlarda qeydə alınır.
Bu isə virusun ötürülmə zəncirlərinin böyük hissəsinin hələ də aşkar edilmədiyini göstərir.