“Sampdoriya”nın və Azərbaycanın U-21 millisinin hücumçusu Lorenzo Mezzotero İtaliya B Seriyasının 10-cu turunda “Virtus Entella” ilə ev matçında qol vurub. Bu, 18 yaşlı futbolçunun klubun əsas komandasında və B Seriyasında ilk qoludur.
Oktyabrın 31-də Genuyadakı “Luici Ferraris” stadionunda keçirilən qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Mezzotero 17-ci dəqiqədə zədələnən belçikalı yarımmüdafiəçi Yari Versxarenin əvəzinə meydana çıxıb.
Hesab 23-cü dəqiqədə qonaqların müdafiəçisi Andrea Tirityellonun avtoqolu ilə açılıb. Mezzotero isə 42-ci dəqiqədə sloveniyalı Tyaş Begiçin ötürməsindən sonra fərqlənərək meydan sahiblərinin üstünlüyünü artırıb. “Sampdoriya” 2:0 hesablı qələbə qazanıb.
Mezzoteronun karyerası
16 avqust 2008-ci ildə İtaliyanın Montsa şəhərində anadan olan hücumçu uşaqlığının bir hissəsini Azərbaycanda keçirib. O, “Qarabağ” və “Neftçi”nin futbol akademiyalarında məşq edib.
Mezzotero hazırda Azərbaycanın U-21 millisində çıxış edir. O, daha əvvəl “Sampdoriya”nın gənclər komandasında məhsuldar oyunu ilə diqqət çəkib. “Sampdoriya” qələbə ilə uğursuz nəticələr seriyasına son qoyub.