Leyla Əliyeva Efiopiyanın paytaxtı Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərə baş çəkib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfər çərçivəsində o, ilk olaraq Berhan Gözdən Əlillər üçün İnternat Məktəbini ziyarət edib. Efiopiyanın birinci xanımı Zinaş Tayaçevin təşəbbüsü və himayəsi ilə yaradılan bu təhsil müəssisəsi ölkənin müxtəlif bölgələrindən seçilmiş, 9–12-ci siniflərdə təhsil alan gözdən əlilliyi olan və görmə məhdudiyyətli 300-dən artıq şagird üçün fəaliyyət göstərir.
Məktəbdə milli tədris proqramı şagirdlərin xüsusi ehtiyaclarına uyğunlaşdırılıb, Brayl əlifbası, audioresurslar və ekran oxuyucu texnologiyalardan istifadə olunur. Burada əsas fənlərlə yanaşı, Brayl yazısı, hərəkət və orientasiya bacarıqları, gündəlik həyat vərdişləri, musiqi, əl işləri və kompüter bilikləri də tədris edilir. Təhsil və praktik bacarıqların vəhdəti şagirdlərin ali təhsilə və müstəqil həyata hazırlanmasına imkan yaradır.
XXX
Daha sonra Leyla Əliyeva “Lenegewa” Qadınların Reabilitasiyası və Bacarıqların İnkişafı Mərkəzində olub. Qeyd edilib ki, Əddis-Əbəbə şəhərinin meri Adaneç Abiebenin təşəbbüsü ilə inşa olunan mərkəz səfil həyat şəraiti ilə üzləşmiş və insan alverinin qurbanı olmuş təxminən min qadının sosial durumunun yaxşılaşdırılmasına xidmət edir.
13 binadan ibarət mərkəzdə tədris otaqları, yataqxanalar, peşə hazırlığı sahələri, emalatxanalar, həmçinin psixoloji və tibbi yardım bölmələri fəaliyyət göstərir. Buraya qəbul edilən qadınlar 3–6 aylıq intensiv təlim proqramları vasitəsilə gələcək məşğulluq üçün zəruri bilik və bacarıqlara yiyələnirlər. Təlimlər kompüter savadlılığı, tikiş və tekstil, elektronika, gözəllik xidmətləri, ictimai iaşə və digər istiqamətləri əhatə edir.
XXX
Səfər çərçivəsində Leyla Əliyeva Efiopiyanın Milli Sarayı ilə də tanış olub. Ölkənin monarxiya irsini və xalqın tarixi ruhunu əks etdirən saray 1955-ci ildə imperator Hayle Selassienin gümüş yubileyi münasibətilə inşa edilib və ona həyat yoldaşı Menen Asfav tərəfindən hədiyyə olunub.
İtalyan memar Raffaele Petrone tərəfindən layihələndirilən bina yerli memarlıq üslubunu beynəlxalq elementlərlə birləşdirir. Saray-muzeydə imperatorun avtomobil kolleksiyası, həmçinin fəvvarələr, heykəllər və yaşıllıqlarla əhatə olunmuş geniş kompleks nümayiş etdirilir.