“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldu “Tenerife” klubunun futbolçusu Xesus de Miquelin ölümü ilə bağlı başsağlığı verib.
“Faciədir. Söz tapmaq olmur… Ailəsinə çox güc arzulayıram. Torpağı yüngül olsun”, – Ronaldu sosial şəbəkə hesabında yazıb.
Hadisə İspaniya Sequndasının 12-ci turunda “Tenerife” ilə “Andorra” arasında keçirilən oyunda baş verib. İkinci hissəyə əlavə olunmuş 7-ci dəqiqədə qonaqların qapıçısı Xesus Ovono meydanın mərkəzində “Tenerife”nin hücumçusunu sərt şəkildə yıxıb və birbaşa qırmızı vərəqə alıb. Toqquşmadan sonra de Miquel meydanda qalıb və qısa müddət sonra huşunu itirib.
Həkimlərin məlumatına görə, futbolçunun ürəyi və nəfəsalması dayanıb; bu vəziyyət təxminən 20 dəqiqə davam edib. Xəstəxanaya aparılarkən ona ürək-ağciyər reanimasiyası tətbiq olunub. Həkimlərin səylərinə baxmayaraq, 30 yaşlı oyunçu vəfat edib. “Tenerife” klubun futbolçusunun ölümünü noyabrın 3-də rəsmən açıqlayıb.