“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanına köçməyindən peşman olmadığını deyib. “Milan”dan sonra xarici təcrübə qazanmaq istədiyini bildirən italiyalı mütəxəssis “Əl-Nəsr”ə keçid qərarına maliyyə amilinin və Kriştiano Ronaldu ilə işləmək imkanının da təsir etdiyini söyləyib.
Piolinin sözlərinə görə, Ronaldu ilə məşq etməyənlər onun nə qədər böyük futbolçu olduğunu tam dərk edə bilməzlər. O, portuqaliyalı hücumçunu qollara köklənmiş çempion və hörmətcil insan kimi xarakterizə edib. Pioli Ronaldu ilə Zlatan İbrahimoviçin ünsiyyətdə ortaq cəhətinin dürüstlüyə önəm vermələri olduğunu qeyd edib.
Məşqçi bildirib ki, hər iki futbolçuya oyun vaxtı ilə bağlı əvvəlcədən deyilənlərə əməl etmək vacibdir. O, COVID-19 pandemiyası dövründə, komandaların hər üç gündən bir oynadığı vaxt İbrahimoviçə əvəzlənəcəyini qabaqcadan demədiyi bir hadisəni xatırlayıb. “Milan”ın fasiləyə 0:0 hesabı ilə yollandığı, sonra isə 10 dəqiqəyə iki və ya üç qol vurduğu qarşılaşmada Pioli İbrahimoviçi, Hakan Çalhanoğlunu və daha bir futbolçunu əvəzləyib.
Piolinin sözlərinə görə, İbrahimoviç ertəsi gün onun yanına gəlib. Məşqçi isveçli hücumçunun narazılığı geridə qoyduqdan sonra növbəti gün heç nə olmamış kimi davrandığını deyib. Piolinin fikirlərini Notícias ao Minuto yayıb.
Pioli 2019–2024-cü illərdə “Milan”a rəhbərlik edib, daha sonra Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda bir il çalışıb.