ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qavin Nyusom uşaqların internet və süni intellektdən istifadə zamanı təhlükəsizliyinin artırılmasını nəzərdə tutan qanunları imzalayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Kaliforniya qubernatorluğunun açıqlamasında ştat qanunvericilik orqanında hər iki partiyanın dəstəyi ilə qəbul edilən internetlə bağlı qanunvericilik aktlarının təsdiqləndiyi bildirilib.
Qanunlara əsasən, internet və süni intellektdən istifadə zamanı uşaqların təhlükəsizliyinin gücləndirilməsi məqsədilə əlavə tədbirlər görüləcək.
Sosial media platformalarına 16 yaşdan aşağı istifadəçilərə əlavə funksiyalar təqdim etmək qadağan ediləcək.
Açıqlamada qeyd olunub ki, bu addımla ABŞ-də ilk dəfə bir ştat internetdən istifadəyə bu qədər geniş məhdudiyyətlər gətirən tənzimləməni qəbul edib.
Qavin Nyusom qanunların imzalanmasından sonra uşaqların təhlükəsizliyinin texnologiya ilə bağlı bütün müzakirələrin mərkəzində dayanmalı olduğunu bildirib.
“İnnovasiya sürətləndikcə, qoruyucu tədbirlərimiz də buna uyğunlaşmalıdır. Bu gün qəbul edilən qanun nəzarətsiz texnologiyanın uşaqlarımızı təhlükə qarşısında qoyduğu hallarda Kaliforniyanın kənarda qalmayacağını açıq şəkildə göstərir. İnnovasiya məsuliyyət yaradır və uşaqlarımızı qorumaq hər şeydən önəmlidir”, – deyə qubernator vurğulayıb.