İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəsmi sözçüsü, briqada generalı Məhəmməd Rza Mühəbbi ABŞ və İsrail tərəfindən ölkəsinə qarşı hər hansı yeni hərbi müdaxilə baş verəcəyi təqdirdə Tehranın müdafiə və cavab zərbəsi strategiyasında köklü dəyişikliklərin ediləcəyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü “Al-Alam” televiziya kanalının efirində çıxışı zamanı məlumat verib.
Məlumata görə, Mühəbbi yeni hücum halında hərbi əməliyyatların coğrafiyasının genişlənəcəyini, döyüş meydanında hələ istifadə olunmamış tamamilə yeni imkanlara malik silahların tətbiq ediləcəyini və bu addımların dünyanı təəccübləndirəcəyini vurğulayıb. SEPAH rəsmisi vurğulayıb ki, İran ordusu artıq hücum edilməmiş yeni strateji hədəflər müəyyənləşdirib və ölkə uzunmüddətli müharibə ssenarilərinə tam hazırdır.
Çıxışında diplomatiya məsələlərinə də toxunan Mühəbbi, SEPAH-ın diplomatik danışıqlara cəlb olunmadığını, ABŞ ilə birbaşa və ya dolayısı ilə heç bir təmasın qurulmadığını bildirib. O, həmçinin Vaşinqtonun bölgədəki hərbi bazalarının vurularaq sıradan çıxarıldığını iddia edərək, ABŞ-nin Yaxın Şərqdəki hegemonluğunun sona çatdığını diqqətə çatdırıb.