İran və ABŞ arasında gərginlik davam edərkən Tehran Hörmüz boğazı ətrafında dəniz nəqliyyatına nəzarəti genişləndirəcəyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü, briqada generalı Hüseyn Mühəbbinin sözlərinə görə, ABŞ-ın blokadasına cavab olaraq Hörmüz boğazından kənarda, Çabahar ətrafından Oman körfəzi və Ərəb dənizinə qədər uzanan sularda “məhdud zona” yaradılacaq.
Mühəbbi bildirib ki, Hörmüz boğazı artıq yalnız dəniz keçidi deyil, qlobal düzənin və hərbi proseslərin mühüm amillərindən birinə çevrilib.
Onun sözlərinə görə, əvvəllər gəmi hərəkətinə nəzarət yalnız boğazla məhdudlaşırdı, indi isə bu ərazi genişləndirilir.
General qeyd edib ki, yaradılacaq zonanın bir hissəsi Çabahar ətrafından başlayaraq Oman körfəzi və Ərəb dənizi marşrutlarını əhatə edəcək. Zonanının dəqiq koordinatları və digər detallar daha sonra açıqlanacaq.
İranlı rəsmi xəbərdarlıq edib ki, hər hansı gəmi koordinasiya aparmadan Hörmüz boğazının sanksiya tətbiq olunan hissəsindən keçərsə, həmin gəmiyə göstərilən dənizçilik, sığorta və digər dəstək xidmətləri dayandırılacaq.
Mühəbbi əlavə edib ki, belə gəmilər hətta sonrakı keçidlər zamanı da sözügedən xidmətlərdən məhrum edilə bilər.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi sentyabrın 8-də ABŞ-ın İrana tətbiq etdiyi blokadaya cavab olaraq Fars körfəzi və ətrafında “qadağan olunmuş zona” yaradacaqlarını bildirmişdi.