İran rəsmiləri Hörmüz boğazı ilə bağlı yeni qərarların qəbul ediləcəyini və bu istiqamətdə Omanla razılaşmanın yaxın günlərdə imzalanacağını açıqlayıblar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sözügedən saziş Hörmüz boğazının giriş və çıxışında İranın nəzarətində olacaq yeni koridorun yaradılmasını nəzərdə tutur.
İran rəsmisi Rızai Hörmüz boğazı ətrafında məhdudlaşdırılmış zona elan ediləcəyini bildirib. Onun sözlərinə görə, bu ərazi ABŞ-nin dəniz blokadası tətbiq etdiyi bölgədən başlayaraq Hörmüz boğazı və Fars körfəzini əhatə edəcək.
Rızai xəbərdarlıq edib ki, yeni elan olunacaq zonaya icazəsiz daxil olan istənilən gəmi dərhal “qara siyahı”ya salınacaq.
İran rəsmisi ölkəsinin Hörmüz boğazında təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirəcəyini də qeyd edib. Onun sözlərinə görə, tətbiq olunacaq sərt tədbirlər birbaşa raket hücumlarından daha effektiv ola bilər.
“Hörmüz boğazının açıq qalması öhdəliyini yalnız ABŞ tərəfindən hücum və ya təxribat törədilməyəcəyi təqdirdə yerinə yetirəcəyik”, – deyə Rızai bildirib.
ABŞ ilə İran arasında artan gərginliyə toxunan Rızai 48 saat əvvəl ilk dəfə gəmi əleyhinə raketin ABŞ hərbi gəmisi üzərində sınaqdan keçirildiyini açıqlayıb.
O, həmçinin Tehran və Vaşinqton arasında vasitəçilik edən ölkələrin iki dövlət arasında imzalanmış anlaşma memorandumunun icrasında səmərəli fəaliyyət göstərmədiyini iddia edib.
Məlumata görə, İran hazırda neft ixracını davam etdirir və satılan neftin ödənişlərini də problemsiz şəkildə əldə edir.