Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi risklərini izləyən Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) dörd ölkəni “boz siyahı”dan çıxarıb. Bolqarıstan, Fil Dişi Sahili, Konqo Demokratik Respublikası və Monako maliyyə cinayətləri ilə mübarizə sahəsindəki çatışmazlıqları aradan qaldırmaq üçün tədbirlər gördükdən sonra gücləndirilmiş monitorinqdən azad edilib.
AnewZ-in məlumatına görə, FATF bu dörd ölkənin əvvəlki qiymətləndirmələrdə müəyyən edilmiş strateji nöqsanların aradan qaldırılmasında “müsbət irəliləyiş” nümayiş etdirdiyini bildirib.
“Boz siyahı”ya daxil edilmək sanksiya demək deyil, lakin siyahıdakı ölkələrlə bağlı əməliyyatlar banklar, investorlar və maliyyə qurumları tərəfindən daha ciddi yoxlanılır. Bu, uyğunluq xərclərini artıra və investisiyaları, eləcə də sərhədlərarası maliyyə fəaliyyətini azalda bilər. Siyahıdan çıxarılmaq isə ölkənin maliyyə tənzimləmə sisteminin yaxşılaşdığına dair beynəlxalq bazarlara siqnal hesab olunur.
Konqo Demokratik Respublikasında qərarı biznes və maliyyə qurumları üçün xərcləri azalda biləcək addım kimi qarşılayıblar. Ölkənin maliyyə naziri Dudu Russel Fvamba Likunde Li-Botayi bildirib ki, bu qərar beynəlxalq əməliyyatları asanlaşdırmalı və bank əlaqələrini dəstəkləməlidir.
“Siyahıdan çıxarılmanın Konqo bankları, biznesləri və vətəndaşları üçün sərhədlərarası əməliyyatların xərcini və çətinliyini azaltması, müxbir bankçılıq əlaqələrini dəstəkləməsi gözlənilir”, – nazir deyib.
Monakoda da qərarı geniş islahatların tanınması kimi qiymətləndiriblər. Monakonun dövlət naziri Kristof Mirmand siyahıdan çıxarılmanın ardıcıl institusional səylərin nəticəsi olduğunu söyləyib.
“Bu qərar dövlətin bütün qurum və idarələrinin iki ildən artıq müddətdə apardığı konkret, ciddi və əlaqələndirilmiş işi tanıyır”.
FATF Vyetnama isə xəbərdarlıq edib. Qurum müəyyən edilmiş nöqsanların aradan qaldırılmasında irəliləyişin yetərsiz olduğunu bildirib və islahatlar növbəti plenar iclasa qədər sürətləndirilməsə, əlavə addımların nəzərdən keçirilə biləcəyini qeyd edib.
“Vyetnam növbəti plenar iclasa qədər strateji çatışmazlıqlarını aradan qaldırmaq üçün nəzərəçarpan irəliləyiş əldə etməsə, FATF növbəti addımları nəzərdən keçirəcək”.
Bu açıqlama Vyetnam hakimiyyətinə maliyyə nəzarətini gücləndirmək və əvvəlki qiymətləndirmələrdə qaldırılmış narahatlıqları aradan qaldırmaq üçün təzyiqi artırır.
FATF İranı, Myanmanı və Şimali Koreyanı çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və yayılmanın maliyyələşdirilməsinin qarşısının alınmasında ciddi strateji çatışmazlıqları olan ölkələr üçün nəzərdə tutulan “qara siyahı”da saxlayıb. Qurum Myanmanı ölkədə fəaliyyətini davam etdirən genişmiqyaslı dələduzluq və fırıldaqçılıq şəbəkələrinə qarşı tədbir görməyə çağırıb.
Əvvəlki məlumatlarda Yaponiyanın biznes əlaqələrinin yaxşılaşdırılması məqsədilə Myanmanın “qara siyahı”dan çıxarılması üçün lobbiçilik etdiyi bildirilmişdi. Lakin FATF ölkənin siyahıdakı statusunu dəyişməyib. Myanma hərbi çevrilişdən sonra ölkədə uzunmüddətli siyasi qeyri-sabitlik və silahlı münaqişə başladığı 2022-ci ildə siyahıya salınıb.
Şimali Koreya da FATF-ın ən sərt tədbirlərinə məruz qalmaqda davam edir. Ölkənin gəlir əldə etmək üçün kiberməkan əməliyyatlarından istifadə etdiyi iddiaları beynəlxalq tənzimləyici qurumların və hökumətlərin əsas narahatlıqlarındandır.
Bəzi analitiklər Şimali Koreya hakerlərini “Binance” kriptovalyuta birjasından təxminən 6,3 milyard dollar oğurlanması ilə əlaqələndiriblər. Bəzi müşahidəçilər bu hadisənin tarixdə qeydə alınan ən böyük maliyyə oğurluqlarından biri ola biləcəyini düşünür.
ABŞ və Cənubi Koreya rəsmiləri, eləcə də kibertəhlükəsizlik mütəxəssisləri Şimali Koreya ilə əlaqəli kiberqrupları ölkə üçün vəsait əldə etmək məqsədilə casusluq və maliyyə oğurluğunda iştirakda dəfələrlə ittiham ediblər. Pxenyan bu ittihamları ardıcıl olaraq rədd edib.
“Qara siyahı”ya salınma “boz siyahı”dan daha ağır maliyyə nəticələri doğurur. Siyahıdakı ölkələr investisiya imkanlarının dondurulması, uyğunluq tələblərinin kəskin sərtləşdirilməsi və qlobal bank şəbəkələrinə çıxışın məhdudlaşdırılması ilə üzləşə bilər. Beynəlxalq maliyyə qurumlarına bu ölkələrlə bağlı əməliyyatları ən yüksək səviyyədə yoxlamaq tövsiyə olunur.
FATF-ın son qərarları qurumun qlobal maliyyə şəffaflığını gücləndirməyə və ciddi maliyyə cinayətləri risklərini lazımi səviyyədə aradan qaldırmadığını hesab etdiyi ölkələrə təzyiq göstərməyə davam etdiyini göstərir.