Azərbaycan millisinin UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda ilk iki oyunda heç-heçə etməsi pley-offa yüksəlmək şansına mənfi təsir göstərib. Bunu yığmanın sabiq futbolçusu Elmar Baxşıyev bildirib.
“Qəbələ” və “Araz-Naxçıvan”ın keçmiş baş məşqçisi Bakıda Litva üzərində 1:0 hesablı qələbəni şərh edərkən qrupda mümkün qədər çox xal toplamağın vacibliyini vurğulayıb. Baxşıyevin sözlərinə görə, Litva ilə səfərdə və Lixtenşteynlə evdə qeydə alınan heç-heçələr millinin imkanlarını xeyli azaldıb.
O, Litva üzərində qazanılan ilk qələbənin nəticə baxımından vacib olduğunu deyib. Baxşıyev bildirib ki, ilk hissənin ortalarında vurulan qol komandaya üstünlük qazandırıb, lakin Azərbaycan yığması sonrakı qol imkanlarından yararlana bilməyib.
Sabiq futbolçu komandada çatışmazlıqların olduğunu, amma bunların zamanla aradan qaldırıla biləcəyini qeyd edib. Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.