Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib.
Yankauskas Bakıda keçirilən matçdan sonra mətbuat konfransında meydanda bərabər səviyyəli iki komandanın mübarizə apardığını bildirib. Onun sözlərinə görə, Litva qol imkanlarından yararlana bilməyib, Azərbaycan millisi isə fürsətlərini daha yaxşı dəyərləndirib.
“Azərbaycan millisini təbrik edirəm”, – baş məşqçi qeyd edib.
Yankauskas hakim qərarlarından da narazılığını ifadə edib. O bildirib ki, qrupda birinci yeri tutmaq artıq Litva millisinin öz əlində deyil. Mütəxəssis buraxılan qoldan əvvəl Azərbaycan futbolçusunun qaydanı pozduğunu iddia edib və bəzi epizodlarda hakimlərin rəqibə simpatiya göstərdiyini söyləyib. VAR qərarını da şərh edən Yankauskas hakimliyin ümumilikdə Azərbaycan millisinin xeyrinə olduğunu düşündüyünü deyib.