Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kikboksinq üzrə WAKO Avropa çempionatında iki qızıl medal qazanıb.
63 kq çəki dərəcəsində “Master Class” kateqoriyasında mübarizə aparan idmançı “Light Contact” və “Kick Light” növlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məmmədov “Light Contact” növündə italiyalı Alessandro La Mantia və portuqaliyalı Emanuel Kortesi məğlub edərək qızıl medal əldə edib.
“Kick Light” yarışında isə onun rəqibləri macar Marton Hasz və Alessandro La Mantia olub. Məmmədov hər iki rəqibinə qalib gələrək ümumilikdə 13-cü dəfə Avropa çempionu adını qazanıb.