“Microsoft” cümə günü ABŞ və Asiya-Sakit okean regionunda “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin işini pozan genişmiqyaslı kəsintidən sonra sistemləri bərpa etməyə çalışıb. “AnewZ” yazır ki, hadisə ABŞ, Avstraliya və Yaponiyadakı dövlət qurumlarına, eləcə də “OpenAI” və “Anthropic” kimi şirkətlərə təsir edib.
Kəsinti təxminən 12 saat davam edib. “Downdetector”un məlumatına görə, ABŞ-da problem barədə bildirişlərin sayı ən yüksək həddə çatanda “Outlook”la bağlı 130 mindən çox müraciət qeydə alınıb.
“Microsoft” təsirlənmiş serverlərdə dəyişikliklər etdiyini, lakin xidmətlərin tam bərpa olunmadığını bildirib. Şirkət “X” platformasında yazıb: “Ümumi infrastrukturun dayanıqlığını artırmaq üçün görə biləcəyimiz əlavə tədbirləri nəzərdən keçiririk”.
“Microsoft 365 Status” hesabının noyabrın 12-də yaydığı məlumata görə, Amerika qitəsində istifadəçilərin “Exchange Online” poçt qutularına müxtəlif üsullarla qoşulmaqda çətinlik çəkməsi ilə bağlı müraciətlər araşdırılır. Əlavə məlumatın “Microsoft 365” idarəetmə mərkəzində EX1550543 kodu ilə yerləşdirildiyi qeyd olunub.
Kəsinti bir neçə ölkədə elektron poçt xidmətlərinə təsir edib. Avstraliyanın kəşfiyyat qurumu və federal polisi də problemlə üzləşənlər arasında olub.
Avstraliyanın daxili işlər və kibertəhlükəsizlik naziri Toni Berk bildirib ki, “Microsoft” hadisənin kiberhücum nəticəsində baş verdiyini düşünmür. O, vəziyyəti 2024-cü ildəki “CrowdStrike” kəsintisi ilə müqayisə edərək, səbəbin nasaz proqram yeniləməsi ola biləcəyini irəli sürüb.
“Onların qarşılaşdığı təsir ... əsasən elektron poçt sistemləri ilə bağlıdır”, – Berk deyib.
Yaponiyanın dövlət sistemlərində də problemlər yaranıb. ABŞ Nümayəndələr Palatası isə istifadəçilərinin çətinliklərlə üzləşdiyini təsdiqləyib.
Şirkətlər də nasazlıq barədə məlumat veriblər. “OpenAI” və “Anthropic” “Microsoft” konnektorlarından istifadə zamanı problemlərlə üzləşib. Hindistanın “IndiGo” və “Akasa Air” aviaşirkətləri isə elektron poçt dəstək xidmətlərində kəsinti olduğunu bildiriblər.
Bu hadisə “Microsoft” xidmətlərinin etibarlılığı ilə bağlı narahatlıqları artırıb. Şirkətin “Microsoft 365” xidmətində yanvarda da kəsinti, ötən ay isə “Azure” platformasında daha genişmiqyaslı nasazlıq baş verib.
Bazar analitiki Coş Gilbert təkrarlanan nasazlıqların müştərilərin etimadına təsir göstərə biləcəyini deyib: “Etibarlılıq təkrarlanan problem kimi görünməyə başlasa, bu, hər bir İT şöbəsinə biznesinin daha böyük hissəsini bir provayderə həvalə etməzdən əvvəl yenidən düşünmək üçün səbəb verər”.
“Microsoft” problemin səbəbini araşdırmağa və xidmətləri normal vəziyyətə qaytarmaq üçün çalışmağa davam etdiyini bildirib.