Operativ Məlumat Mərkəzi

Distant iş nədir? Yeni qanun maaş və xərclərlə bağlı nə deyir?

5 dəq
Paylaş:
Distant iş nədir? Yeni qanun maaş və xərclərlə bağlı nə deyir?

Səhər tıxacında itən vaxt, ofis divarları arasında sıxılan günlər və “iş yerinə getməliyəm” məcburiyyəti… Bəs əgər iş artıq ünvana deyil, nəticəyə bağlı olsaydı? Prezidentin imzaladığı yeni dəyişikliklər məhz bu sualı aktuallaşdırır. əmək bazarında sakit, amma dərin bir dönüş başlayır – iş artıq masada yox, məsuliyyətdə ölçüləcək.

Mövzu iləbağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat Vüqar Bayramov deyib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərdən biri iş mexanizminin tətbiqi ilə bağlıdır və artıq bu dəyişikliklər təsdiq olunub.

Onun sözlərinə görə, bu, Azərbaycanda distant iş sisteminə keçidin hüquqi əsaslarının formalaşması deməkdir.

Vüqar Bayramov: Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır - AZƏRTAC

Deputat qeyd edib ki, distant iş xüsusilə ixtisaslı kadrların əmək haqlarının artmasına səbəb ola bilər. Çünki bu iş modeli vətəndaşlara eyni vaxtda bir neçə iş yeri ilə etmək imkanı yaradır. Nəticədə işçilər daha çox gəlir əldə edə bilirlər.

Vüqar Bayramovun sözlərinə görə, distant iş rejimi işəgötürənlər üçün də sərfəlidir. Belə ki, bu zaman ofis saxlanılması və kommunal xərclər azalır, bu da ümumi xərclərin optimallaşdırılmasına imkan verir.

Deputat vurğulayıb ki, distant iş həm işçilər, həm də işəgötürənlər üçün qarşılıqlı fayda yaradır. Bir tərəfdən işçilərin, xüsusilə ixtisaslı kadrların gəlirləri artır, digər tərəfdən isə işəgötürənlərin xərcləri azalır.

O, əlavə edib ki, distant iş rejimi işçilərin və digər gündəlik xərclərinin azalmasına da səbəb olur. Bu da ümumilikdə həm gəlirlərin artmasına, həm də xərclərin azalmasına şərait yaradır.

Digər müsahibimiz hüquqşünas Şamil Paşayev bildirib ki, işin distant (onlayn) və ya oflayn formada icra olunması əmək haqqına təsir etməməlidir. Onun sözlərinə görə, əmək haqqı işçinin daşıdığı vəzifəyə görə müəyyən edilir və bu, qanunvericilikdə də öz əksini tapıb.

Şamil Paşayev - Norma Hüquq Mərkəzi | LinkedIn

Şamil Paşayev qeyd edib ki, vəzifə maaşı tərəflər arasında əldə olunan razılaşmaya əsaslanır və işin onlayn və ya oflayn icra olunması maaşın artırılması və ya azaldılması üçün əsas sayıla bilməz. Bu məsələ yalnız işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşma çərçivəsində dəyişə bilər.

Hüquqşünasın sözlərinə görə, bəzi işəgötürənlər oflayn işləyən əməkdaşların işə gediş-gəliş xərclərini qarşılayır, onları nəqliyyat vasitəsi və ya servis ilə təmin edir. Digər hallarda isə distant işləyən əməkdaşlar üçün elektrik enerjisi, internet və digər xərclərin ödənilməsi ilə bağlı işəgötürən müəyyən öhdəliklər götürə bilər. Bu kimi məsələlər qarşılıqlı razılaşma əsasında həll olunur:

“Bəzi iş yerlərində işçilərin nahar xərcləri şirkət tərəfindən qarşılanır və distant iş rejimində bu təminat əlavə ödənişlə əvəz edilə bilər”.

Hüquqşünas vurğulayıb ki, bütün bu məsələlər razılaşma predmetidir, lakin işin distant və ya oflayn olması işçinin əmək haqqının azaldılması üçün əsas ola bilməz.

Beləliklə, distant iş təkcə kompüter arxasında çalışma rejimi deyil, əmək münasibətlərinə yeni baxışdır. Qanun bir xətti aydın çəkir: işin haradan görülməsi yox, necə görülməsi önəmlidir. Seçim isə tərəflərin razılaşmasındadır. Görünən odur ki, gələcəyin işi ofisdə deyil, balansdadır – gəlir ilə xərclər, azadlıq ilə məsuliyyət arasında qurulan incə tarazlıqda.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax