Azərbaycanda əməkhaqqından ödənilən məcburi dövlət sosial sığorta haqlarının fərdi hesaba yönəldilən hissəsinin azaldılması təklif olunur. Dəyişiklik qəbul edilərsə, bu, gələcəkdə vətəndaşların toplayacağı pensiya kapitalına və pensiya məbləğinə təsir göstərə bilər.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, məsələ ilə bağlı iqtisadçı ekspert Əli Əhmədov bildirib ki, fərdi hesaba köçürülən vəsaitin azalması gələcək pensiya təminatında da özünü göstərə bilər.
1200 manat maaş alan şəxsin pensiyası nə qədər dəyişə bilər?
Ekspertin sözlərinə görə, hazırkı qaydada 1200 manat gross əməkhaqqı alan şəxsin Dövlət Sosial Müdafiə Fonduna ödədiyi 300 manat sosial sığorta haqqının 270 manatı fərdi hesabına yönəldilir. Qalan 30 manat isə hazırda pensiya alan şəxslərin təminatına sərf olunur.
Əli Əhmədovun izahına görə, mövcud hesablama qaydası ilə 25 il işləyən həmin şəxsin gələcək pensiyası təxminən 562 manat təşkil edə bilər.
Təklif edilən dəyişiklikdən sonra isə 300 manat sosial sığorta haqqının fərdi hesaba yönəldilən hissəsinin 270 manatdan 255 manata düşəcəyi bildirilir. Beləliklə, hazırkı pensiyaların ödənilməsinə yönəldilən məbləğ 30 manatdan 45 manata yüksələcək.
Ekspertin nümunəsində bu dəyişiklik nəticəsində gələcək pensiya məbləğinin 562 manatdan 531 manata enəcəyi qeyd olunur.
Dəyişikliyin məqsədi nədir?
Əli Əhmədov hesab edir ki, bu addımın əsas məqsədi Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını qorumaq ola bilər.
Onun sözlərinə görə, işləyənlərin sayının artım tempi pensiyaçıların sayındakı artımla eyni olmadıqda, eləcə də pensiya məbləğləri yüksəldikcə fondun maliyyə yükü artır. Fərdi hesaba yönəldilən vəsaitin bir hissəsinin hazırkı pensiyaların ödənilməsinə ayrılması bu yükün qarşılanması məqsədi daşıya bilər.
Qeyd edək ki, təqdim olunan məlumatda dəyişikliklərin gələn ildən tətbiqi nəzərdə tutulur. Bununla belə, fərdi hesaba köçürülən vəsaitin hansı faizlə müəyyən ediləcəyi və dəyişikliklərin yekun şərtləri qanunvericiliyin təsdiqlənmiş mətninə əsasən dəqiqləşdirilməlidir. (Xəzər Xəbər)