Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Liviyanın şərqindəki dəniz bazasında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Merkury” korvetini dəniz dronları ilə batırdığını bildirib. “AnewZ” yazır ki, bu, Ukraynanın Liviyada hücum həyata keçirdiyini ilk dəfə rəsmən etiraf etməsidir və dənizdəki münaqişənin Qara dənizdən xeyli uzağa yayıldığını göstərir.
Livanın şərqində fəaliyyət göstərən hökumətin ilkin araşdırmasına əsasən, Benqazi dəniz bazasında gəmidə baş verən partlayışa dron hücumu səbəb olub. Hökumətin bildirdiyinə görə, gəmi Rusiyaya qayıdarkən yanacaq və təchizat almaq üçün dayanıb. Hadisə nəticəsində Rusiya və Liviya vətəndaşlarından 10 nəfər yüngül xəsarət alıb.
Peyk görüntülərində gəmi “Merkury” kimi müəyyən edilib. Görüntülərə görə, gəminin böyük hissəsi suyun altında qalıb, yalnız burnu suyun üstündə olub. Peyk şəkillərində Benqazi dəniz bazasındakı korvetin partlayışdan əvvəl və sonra — 2026-cı il noyabrın 21–22-də — çevrilmiş vəziyyətdə olduğu görünür.
Zelenski Liviyanın sahillərindəki dronun Rusiyanın silah daşımaq üçün istifadə etdiyi “MV Angara” quru yük gəmisini də vurduğunu deyib. O, Ukrayna Təhlükəsizlik Xidmətinin və müdafiə qüvvələrinin əməliyyatda iştirak etdiyini, Ukrayna istehsalı olan yeddi dəniz dronundan istifadə edildiyini bildirib. Prezidentin sözlərinə görə, korvet 2023-cü ildə, genişmiqyaslı müharibə dövründə xidmətə qəbul edilmiş ən yeni Rusiya gəmilərindən biridir və onunla birlikdə “Ka-27” döyüş helikopteri də məhv edilib. “MV Angara”ya zərbə isə hədəfin vurulması ilə nəticələnib.
“Biz müəyyən edilmiş sularda əməliyyatlarımızı davam etdiririk. Rusiyanın təcavüzünə cavab veririk”, – deyə Zelenski bildirib. Ukrayna Təhlükəsizlik Xidməti dronların bölgədəki “ana gəmidən” buraxıldığını açıqlayıb. Xidmətin bəyanatında Rusiya donanmasının “Qara dənizdən xeyli uzaqda belə təhlükəsiz marşrutlarının olmadığı” vurğulanıb.
Benqazi sahillərində digər dəniz insidentləri
Hadisədən sonra Liviyanın şərq sahillərində daha bir neçə dəniz hücumu barədə məlumat yayılıb. Liviya hərbi mənbələrindən ikisinin sözlərinə görə, Malta bayrağı altında üzən ticarət gəmisi bazar günü daha sonra Benqazi sahillərində dron qayığının hücumuna məruz qalıb.
Liviya dəniz qüvvələri gəminin heyətini xilas edib. Səhiyyə qurumları göyərtədə olan bəzi şəxslərin yüngül xəsarət aldığını bildirib. Hərbi mənbələr həmin axşam Liviya dəniz və hava qüvvələrinin Benqazi sahillərində 20-dən çox dron qayığını ələ keçirdiyini də deyiblər.
İnsidentlərə görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib. Rusiya rəsmiləri isə hücuma dərhal münasibət bildirməyiblər.
Liviya hökumətləri beynəlxalq araşdırma tələb edir
Liviyanın şərqində fəaliyyət göstərən hökumət hadisəni ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib. Hökumət Liviya limanlarının, ərazisinin və ərazi sularının beynəlxalq münaqişələr meydanına çevrilməsinə imkan verməyəcəyini bəyan edib.
Baş nazir Osama Həmmad BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına beynəlxalq araşdırma aparılması üçün müraciət edildiyini bildirib. O, dron qayıqlarının Liviyanın qərbindən buraxılmış ola biləcəyini irəli sürüb və Ukrayna mütəxəssislərinin ölkədə fəaliyyət göstərməsi barədə məlumatlara Kiyevdən aydınlıq gətirməsini istəyib.
Liviyanın Tripolidə yerləşən, beynəlxalq səviyyədə tanınan hökuməti də əməliyyatı pisləyib. Xarici İşlər Nazirliyinin bəyanatında Rusiya ilə Ukrayna arasındakı müharibənin heç bir tərəfə hərbi əməliyyat aparmaq hüququ vermədiyi bildirilib. Nazirlik xarici qüvvələrin Liviya limanlarından və infrastrukturundan hərbi məqsədlər üçün istifadəsinə icazə verilməyəcəyini vurğulayıb.
Liviyanın şərqindəki hökumət hadisələrin təfərrüatlarının araşdırılması, məsul tərəflərin müəyyənləşdirilməsi və cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması üçün BMT Təhlükəsizlik Şurasına və beynəlxalq ictimaiyyətə müraciət edib. Hökumət həmçinin dəniz gəmiçiliyinin təhlükəsizliyinə, regional sabitliyə, ölkənin suverenliyinə və sahillərinin təhlükəsizliyinə yaranan təhdidlərə diqqət çəkib.
BMT-nin Liviyaya Dəstək Missiyası ciddi narahatlığını ifadə edərək müstəqil araşdırma aparılmasına çağırıb. Missiyanın bəyanatında Liviyanın xarici münaqişələrin döyüş meydanına çevrilməməli olduğu bildirilib.
Rəsmilər dəniz bazasının və ətraf liman obyektlərinin təhlükəsiz olduğunu, yanğın söndürüldükdən sonra işlərin adi rejimə qayıtdığını deyiblər.
Moskva insidentə münasibət bildirməyib
Rusiya Müdafiə Nazirliyi Liviyadakı hücumla bağlı dərhal şərh verməyib. “Sparta II”yə hücum barədə sualı cavablandıran Kremlin sözçüsü Dmitri Peskov Baltik dənizində “terror fəaliyyətinin artması ilə bağlı təhlükəli tendensiyadan” danışıb. O, Moskvanın qonşu dövlətlərin Kiyevi belə əməliyyatlardan çəkindirməsinə ümid etdiyini bildirib.
Ehtimal olunan hücum Qara dənizdən kənarda dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı vaxta təsadüf edib. Ukrayna qüvvələri Moskvanın 2022-ci ilin fevralında başladığı genişmiqyaslı işğaldan sonra dəfələrlə Rusiya dəniz qüvvələrinin obyektlərini hədəfə alıb.
Ukrayna 2025-ci ilin dekabrında Aralıq dənizində Rusiya ilə əlaqəli neft tankerinə hava dronları ilə hücum etdiyini açıqlamışdı, lakin hücumun dəqiq yeri müəyyən edilməmişdi. Rusiya daha sonra Ukraynanı 2026-cı ilin martında Liviya sahillərindən buraxılan dəniz dronları ilə Rusiyaya məxsus mayeləşdirilmiş təbii qaz tankerinə hücum etməkdə ittiham etmişdi.
Liviyanın şərqindəki hökumət ölkənin Rusiya-Ukrayna müharibəsində iştirak etmədiyini bildirib və digər dövlətlərlə dəniz əməkdaşlığının suveren məsələ olduğunu vurğulayıb.