Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi bu gün təşkil olunacaq. Diamniadiodakı Atletlər Kəndinin “Village Plaza” məkanında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Mərasimdə gənc idmançılar Olimpiya məşəli söndürülməzdən əvvəl sonuncu dəfə bir araya gələcəklər. Azərbaycanın üçrəngli bayrağını boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) daşıyacaq. Hər iki idmançı Oyunların gümüş mükafatçısıdır. Bayraqdarların seçimi zamanı gender bərabərliyi nəzərə alınıb.
Oktyabrın 31-də Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşımışdılar. İsmayılzadə Üçüncü MDB Oyunlarının qalibi və Altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, Cavadova isə həmin İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.
Azərbaycan komandasının aktivində hazırda üç qızıl və üç gümüş medal var. Cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanıblar. Nihad Süleymanlı (80 kq), Adil Kazımlı (73 kq) və Gülər Hüseynova (51 kq) gümüş medal əldə ediblər. Azərbaycan medal sıralamasında 11-ci yerdədir.