Venesuela boksçusu Qrenyellis Qarsiya Dakar-2026-da Azərbaycan təmsilçisi Gülər Hüseynova ilə final döyüşü öncəsi qələbəyə əmin olduğunu bildirib.
51 kq çəki dərəcəsində mübarizə aparan idmançı rəqibinin kimliyindən asılı olmayaraq qızıl medal qazanacağına inandığını deyib: “Növbəti döyüşdə kiminlə qarşılaşacağım önəmli deyil, çünki bilirəm ki, qələbə mənimdir”.
Qarsiya finala yüksəlməsindən qürur duyduğunu və ölkəsinə qızıl medalla qayıtmaq istədiyini vurğulayıb. O, qalib gələcəyi halda, Venesuelaya Yeniyetmələrin Olimpiya Oyunlarında boks üzrə ilk qızıl medalı qazandıracaq.
Boksçular daha əvvəl Monteneqronun Budva şəhərində keçirilən U-19 dünya çempionatının 1/4 finalında qarşılaşıblar. Həmin döyüşdə Qarsiya Hüseynovanı 5:0 hesabı ilə məğlub edib və yarışı bürünc medalla başa vurub. Venesuela təmsilçisi bu dəfə daha yüksək nəticə əldə etmək niyyətində olduğunu bildirib.
Gülər Hüseynova yarımfinalda kanadalı Mehrin Xanaya 5:0 hesabı ilə qalib gəlib. Hüseynova ilə Qarsiyanın final döyüşü noyabrın 12-də keçiriləcək.
Kontekst
Noyabrın 4-də Gülər Hüseynovanın Dakar-2026-da boks üzrə Azərbaycanı təmsil edəcəyi açıqlanmışdı. O, 51 kq çəki dərəcəsində yarışır.