Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarları müəyyənləşib. Azərbaycanın üçrəngli bayrağını mərasimdə boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) daşıyacaqlar. Bu seçimdə gender bərabərliyi nəzərə alınıb.
Bağlanış mərasimi noyabrın 13-də Atletlər Kəndində Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan komandasının aktivində hazırda beş medal var. Cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanıblar. Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə gümüş medala sahib olublar.
Oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşımışdılar. İsmayılzadə Üçüncü MDB Oyunlarının qalibi və Altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, Cavadova isə Altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.