ABŞ Maliyyə Naziri Scott Bessent ölkəsi ilə Çin arasında tarif danışıqlarının dalana dirəndiyini və sonda ölkə liderləri arasında telefon danışığının baş tutacağına inandığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Nazir Bessent "Fox News"a verdiyi açıqlamada ölkəsi ilə Çin arasında aparılan tarif danışıqları ilə bağlı qiymətləndirmələr edib.
ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Si Cinpin arasında nəhayət telefon danışığı ola biləcəyinə işarə edən Bessent, ölkəsi ilə Çin arasında tarif danışıqlarının dalana dirəndiyini bildirib. Bessent yaxın bir neçə həftə ərzində Çinlə daha çox danışıqların olacağına inandığını deyib və əlavə edib:
“Düşünürəm ki, danışıqların böyüklüyünü və mürəkkəbliyini nəzərə alaraq hər iki lider bir-birini ölçüb-biçməlidir”.
Bessent Trampla Si arasında yaxşı münasibətlərin olduğunu və ABŞ prezidentinin prioritetlərini açıqladığı zaman Çinin masaya gələcəyinə əmin olduğunu da qeyd edib.