İsrail–Azərbaycan münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir və bu əlaqələr strateji xarakter daşıyır.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.
Azərbaycan ötən il Ermənistana 788,8 min dollarlıq məhsul ixrac edib
Nazir bildirib ki, iki ölkə arasında mütəmadi siyasi məslətləşmələr, strateji dialoqlar və parlamentlərarası dostluq qrupları münasibətlərin inkişafında mühüm rol oynayır.
C.Bayramov qeyd edib ki, görüş zamanı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, həyata keçirilən layihələr və yeni imkanlar ətrafında ətraflı müzakirələr aparılıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda 124 İsrail şirkəti müxtəlif sahələr üzrə fəal şəkildə layihələr həyata keçirir.
Nazir vurğulayıb ki, 2025-ci il Azərbaycan–İsrail iqtisadi əməkdaşlığı baxımından əlamətdar ildir. Belə ki, SOCAR ilk dəfə olaraq İsrailin ən böyük qaz yataqlarında 10 faizlik pay əldə edib. Bu addım regional və beynəlxalq qaz təchizatı baxımından mühüm əhəmiyyət daşıyır.
Ceyhun Bayramov, həmçinin Azərbaycanda fəaliyyət göstərən israilli iş adamları, Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq imkanları və turizm sahəsində dinamikanın artması məsələlərinə də toxunub. Bildirilib ki, 2025-ci ilin 11 ayı ərzində Azərbaycana İsraildən gələn turistlərin sayı 2024-cü illə müqayisədə iki dəfədən çox artıb.
Nazir Azərbaycanın İsrail–Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini bildirib və Qəzza zolağında atəşkəsin davamlı olmasının vacibliyini İsrail tərəfinin diqqətinə çatdırdıqlarını qeyd edib.
Bununla yanaşı, C.Bayramov israilli həmkarını Azərbaycan–Ermənistan normallaşma prosesi, Cənubi Qafqazdakı mövcud vəziyyət və Vaşinqtonda keçirilmiş tarixi görüş barədə məlumatlandırıb. O, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin qayıdışı və mina təhlükəsi ilə bağlı da fikir mübadiləsi aparıldığını əlavə edib.