İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai Kanadanın Baş naziri Mark Karnini tənqid edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, Karninin ABŞ-nin açıq təcavüzünü və hərbi ritorikasını pisləmək əvəzinə Vaşinqtona xoş gəlməyə çalışdığını bildirib.
Baqainin sözlərinə görə, Kanada baş naziri İranı məhv etmək təhdidini sadəcə olaraq müharibə dilində danışmaq kimi təqdim edib.
"Mark Karni başa düşməlidir ki, zaman o qədər amansızdır ki, illüziyalar və riyakarlıq sığınacağı əbədi davam edə bilməz. Elə bir gün mütləq gələcək ki, ABŞ təzyiqinin uzun kölgəsində sığınacaq axtaran və dünyanın güclülərinin dilini təqlid etməklə özlərini gücün məngənəsindən qoruya biləcəklərini düşünənlər həqiqətlə üz-üzə qalacaqlar",- Baqai bildirib.
İran rəsmisi əlavə edib ki, belə olan halda onlar imperiyalarla əlbir olaraq sıxışdırmağa çalışdıqları İranın zülmə qarşı mübarizə məşəlinin alovunu qoruyub saxlaya bildiyini görəcəklər.
Qeyd edək ki, daha əvvəl ABŞ-də çıxışı zamanı Mark Karni İranı müasir dünyada ən böyük təhdidlərdən biri adlandırıb və Tehranın İsrail və onun müttəfiqləri üçün ontoloji təhlükə yaratdığını bildirib.
ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışı zamanı İranla bağlı səsləndirdiyi fikirlərə münasibəti soruşulan Karni isə müharibə gedir və o, müharibə dilində danışır cavabını verib.