Oktyabrın 28-dən 30-dək Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bəzi rayonlarında yağış yağacağı gözlənilir. Günün müəyyən saatlarında yağıntıların leysan xarakterli və intensiv olacağı proqnozlaşdırılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, xüsusilə oktyabrın 28-də axşam saatlarına doğru yağışın intensivləşəcəyi gözlənilir.
Proqnoza əsasən, bəzi rayonlarda, xüsusilə dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimal olunur. Böyük və Kiçik Qafqazın çaylarında sel keçə biləcəyi barədə də xəbərdarlıq edilib.
Yağışlı hava şəraiti fonunda havanın temperaturu gündüz 18-20, gecə isə 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 760 millimetr civə sütunundan 750 millimetr civə sütununa qədər enəcəyi gözlənilir. Nisbi rütubət gecə saatlarında 70-80, gündüz isə 60-65 faiz təşkil edəcək.
Sakinlərə intensiv yağıntılar zamanı ehtiyatlı olmaq, sel təhlükəsi olan ərazilərdən və çay məcralarından uzaq durmaq tövsiyə olunur.