Bakıda futbol üzrə tarixdə ilk FIFA U-15 dünya çempionatı və festivalı başlayıb. Turnirin ilk oyunlarında gözlənilməz nəticələr qeydə alınıb.
İlk oyunların nəticələri
Səhər proqramında Argentina yığması Əlcəzairə 0:1 hesabı ilə uduzub. Cənubi amerikalılar təşəbbüsə və hücum fəallığına malik olsalar da, qol vura bilməyiblər. Əlcəzair yığması ikinci hissənin ortalarında vurduğu qolla qalib gəlib.
İndoneziya Fici yığmasını 7:1 hesabı ilə məğlub edib. Diki Marani və Məhəmməd Hariri Maulana hərəyə iki qol vurublar. İspaniya isə oyunda iki dəfə hesabda geriyə düşdüyü Çilini 4:2 hesabı ilə üstələyib.
Hindistan Laos üzərində 4:2, Malavi Çin Taypeyi üzərində 3:2 hesablı qələbə qazanıb. Uels və Banqladeş matçında qol olmayıb – 0:0.
Azərbaycan yığması bu gün oynayacaq
U-15 dünya çempionatı oktyabrın 24-dən 30-dək Bakıda keçirilir. Turnirdə 189 milli komanda iştirak edir. Matçlar 8-ə 8 formatında, hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarətdir.
Azərbaycan yığması bu gün saat 19:30-da “Baku Kristal Zalı”nda Şərqi Timor komandası ilə qarşılaşacaq. Bu oyun dünya çempionatının rəsmi açılış matçı olacaq. Açılış mərasimi həmin arenada saat 19:00-da başlayacaq.